2011-ci ilin sonunda “Şəffaflığın artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyanın Həyata Keçirilməsi ilə Bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)”nın icrası başa çatır.

2011-ci ilin yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxış edərək korrupsiyaya qarşı mübarizədə mövcud olan nöqsanlardan danışmış, konkret istiqamətlərdə baş verən pozuntu hallarını qeyd etmişdir. Bundan sonra 27 Yanvar 2011-ci il tarixində Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri cənab Ramiz Mehdiyevin rəhbərliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın genişlənmiş iclası keçirilmişdir.

Komissiyanın toplantısının Prezidentin xüsusi tapşırığı ilə keçirildiyini bildirən Administrasiya və Komissiya rəhbəri qeyd etmişdir ki, “Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır”.

Məhz bu iki toplantıdan sonra ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində davam edən proses yeni mərhələyə daxil olmuşdur.

Ötən dövr ərzində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası dövlət orqanlarının  şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirdiyi fəaliyyətlərinin monitorinqini keçirmişdir.

Monitorinq ümumiləşmiş kriteriyalar əsasında deyil, təşkilat tərəfindən hazırlanmış fərdi kriteriyalar əsasında aparılmışdır. Belə ki fəaliyyəti monitorinqə cəlb edilən seçilmiş dövlət orqanlarının hər biri üçün onun fəaliyyət sahələrinə uyğun olaraq fərdi qiymətləndirmə kriteriyaları hazırlanmışdır.

Monitorinq, Korrupsiyaya qarşı mübarizə üzrə nəzarəti həyata keçirən orqanları-Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanı və Nazirlər Kabinetini əhatə etməmişdir.

Lakin Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın bir neçə istiqamətdə həyata keçirdiyi müsbət fəaliyyətlər qeyd olunmuşdur. Belə ki, Komissiyanın ölkənin vətəndaş cəmiyyəti qurumları ilə sıx əməkdaşlığı davam etmişdir. Komissiyanın vətəndaş cəmiyyəti qurumları tərəfindən hazırlanan  www.rusum.az, www.sukan.az, www.etika.az veb səhifələrinin yaradılmasına maddi və texniki dəstək göstərməsi müsbət hal kimi qeyd olunur. Eyni zamanda cinayət qanunvericiliyin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşdırılmış qurumun səlahiyyətlərinin artırılmasında da Komissiyanın səyləri müsbət qiymətləndirilmişdir.

Monitorinq nəticəsində əldə edilən nəticələr 2012-ci ilin əvvəllərində işlənilərək hesabat şəklində hazırlanacaqdır.

Lakin, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilkin nəticələr əsasında 2011-ci ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı effektiv mübarizə aparan dövlət orqanlarını və bu istiqamətdə fəaliyyəti qeyri-qənaətbəxş olmuş dövlət qurumlarını müəyyən etmişdir.

2011-ci ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində effektiv fəaliyyət göstərən 3 dövlət orqanları VƏHML-in əldə etdiyi nəticələrə əsasən aşağıdakılar olmuşdur:

Ədliyyə Nazirliyi

Bu nazirliyin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətindəki fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdə səmərəli olmuşdur.

Ədliyyə orqanlarına qulluğa  qəbulla bağlı imtahanlarda şəffaflığın tam təmin olunması;

Məhkəmə hüquq islahatlarının davam etdirilməsi istiqamətində həyata keçirilən islahatlara dəstək sahəsində səmərəli fəaliyyət;

Cəza sistemində islahatların daha da sürətlənməsi və korrupsiyaya qarşı effektiv mübarizənin təşkili;

İctimaiyyətlə səmərəli əməkdaşlığın qurulması;

“İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə əməl olunması sahəsindəki fəaliyyətlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Bu nazirliyin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətindəki fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdə səmərəli olmuşdur

Ünvanlı Dövlət Sosial Yardımlarının təyin olunmasında və verilməsində mövcud olan pozuntuların səmərəli mexanizmlərin tətbiqi yolu ilə azaldılması istiqamətindəki fəaliyyətlər;

Təminatsız əhali qrupları üçün dayanıqlı gəlir mənbələrinin yaradılmasına yönələn “özünüdəstək” proqramının pilot rayonlarda tətbiqində uğurlu start işlərinin həyata keçirilməsi;

Nazirlik nəzdində və onun bütün strukturlarında effektiv vətəndaş cəmiyyəti iştirakçılığının təmin olunmasına yönələn mexanizmlərin yaradılması;

Nazirliyin  müasir və informasiya əldə etmək haqqında qanunun tələblərinə uyğun veb portalının yaradılması.

Nazir və nazirliyin digər vəzifəli şəxslərinin əhali qrupları ilə bilavasitə təmaslarının və görüşlərinin təşkili.

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Baş Prokurorluğun şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətindəki aşağıdakı fəaliyyətləri ən effektiv hesab  olunmuşdur.

Prokurorluq orqanlarına qulluğa  qəbulla bağlı imtahanlarda şəffaflığın tam təmin olunması;

 Korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirilməsi istiqamətində fəaliyyətlərin təmin olunması;

 Korrupsiyaya qarşı cinayət təqibi sahəsində effektiv fəaliyyət

 Baş Prokurorluğun Veb səhifəsində informasiya əldə etmək haqqında qanunun tələblərinə yüksək səviyyədə əməl olunması;

 Korrupsiyaya qarşı mübarizə aparan vətəndaş cəmiyyəti qurumları ilə səmərəli əməkdaşlığın qurulması.

 Bu orqanlardan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə  Komissiya, Məhkəmə Hüquq Şurası da bir neçə istiqamət üzrə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində səmərəli fəaliyyətlər göstərmişdir.

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətindəki fəaliyyətləri qeyri qənaətbəxş olan dövlət orqanları sırasında 3 dövlət orqanı aşağıdakılar olmuşdur:

1.       Əmlak Məsələləri Dövlət Komitəsi;

2.       Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;

3.       Nəqliyyat Nazirliyi.

2011-ci il ərzində Korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin də fəaliyyətində canlanma olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası korrupsiya əleyhinə yönələn ictimai fəaliyyətləri dəstəkləmək üçün xüsusi qrant müsabiqəsi keçirmişdir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq şəbəkəsinin” həmtəsisçilərindəndir və onun şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra layihələri olmuşdur. VƏHML bir neçə il ardıcıl olaraq “İnformasiya əldə etmək haqqında” Qanunun tətbiqi üzrə monitorinqlər keçirmişdir. Dövlət Proqramlarının monitorinqi üzrə QHT Koalisiyasının aparıcı təşkilatı olaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyinin vəsaiti ilə Counterpart İnternational təşkilatının ayırdığı qrant vəsaiti ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın alternativ monitorinqin keçirilməsinə rəhbərlik etmişdir. Hazırlanmış hesabatlar geniş marağa səbəb olmuşdur. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) hesabatında bu sənədə istinadlar edilmişdir. Bu sənədlər həmçinin Parisdə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən çoxaldılaraq yayılmışdır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası