T-dbir05 mart 2010-cu il tarixində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (VƏHML), “Konstitusiya” Araşdırmalar Fondu (KAF), Avrasiya Hüquqşünaslar Assosiasiyası (AHA), Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq Şəbəkəsindən ibarət “Dövlət Proqramlarının Monitorinqi üzrə QHT Koalisiyası” Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliynin (USAID) vəsaiti ilə Counterpart International təşkilatının maliyyələşdirdiyi “Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramındakı əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin alternativ monitorinqi”adlı layihənin icrası çərçivəsində Gəncə şəhərində ekspertlərin iştirakı ilə dəyirmi masa keçirmişdir.

Dəyirmi masada Gəncə şəhəri və ətraf rayonlarda Ünvanlı Dövlət Sosial Yardımların (ÜDSY)  təyin olunması, verilməsi ilə bağlı proseslərin həyata keçirilməsində mövcud olan problemlər, o cümlədən qanunvericilikdə və onun tətbiqində olan problemlər müzakirə olunmuşdur. Ekspertlər ünvanlı dövlət sosial yardımlarının təyinatı ilə bağlı prosedurlar, o cümlədən sənədlərin toplanması və təqdim edilməsi, əhalinin məlumatlılıq səviyyəsi, Sosial Müdafiə Mərkəzlərində əhəliyə məsləhət xidmətinin təşkili ilə bağlı proseslərin gedişində mövcud olan problemlər və onların səbələri ilə bağlı öz qənaətlərini bölüşmüş, həmçinin təklif və tövsiyyələr irəli sürmüşdür. QHT Koalisiyasının rəhbəri Sahib Məmmədov diskussiyalar zamanı ekspertlərin söylədikləri fikirlərin və onların irəli sürdükləri təkliflərin yekun monitorinq hesabatında nəzərə alınacağını bildirmişdir. Dəyirmi masanı QHT Koalisiyasının region üzrə partnyoru Helsiki Vətəndaş Assambleyasının Qərb bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev təşkil etmişdir. Tədbirdə Counterpart International təşkilatının proqram rəhbəri Anar Aslanov iştirak etmişdir.