OmbudsmanVətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Ədliyyə Naziri yanında Penitensiar Xidmətə İctimai Nəzarəti həyata keçirən Komitə ilə əməkdaşlıq etməklə məhkumlara hüquqi yardımların göstərilməsini davam etdirir. Açıq Cəmiyyət İnstitutu İnsan Hüquqları və İdarəetmə Qrant Proqramı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində  göstərilən hüquqi yardımlar təkcə cəzaçəkmə müəssisələrində həyata keçirilmir. Hüquqi yardımı göstərəh şəxslər məhkumların problemlərinin həlli məqsədi ilə sonrakı fəaliyyətləri də həyata keçirirlər.

28 mart 2012-ci il tarixində VƏHML sədri Sahib Məmmədov İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) xanım Elmira Süleymanova ilə görüşmüşdür. Elmira Süleymanova hüquqi yardımların göstərilməsini alqışlamış və bu fəaliyyətə hər tərəfli yardım göstərəcəyini vəd vermişdir.

Sahib Məmmədov Elmira Süleymanovadan bir qrup Baqladeş, Nigeriya və Paktan vətəndaşlarının cəzalarının qalan hissəsini öz ölkələrində çəkmələri üçün yardım göstərməyi xahiş etmişdir. Bunun üçün həmin ölkələrin müvafiq qurumları Azərbaycan hökumətinə müraciət etməlidirlər.

Elmira Süleymanova həmin şəxslər barədə məlumatları toplamaq üçün müvafiq göstərişlər vermişdir.

Görüşdə Ombudsman aparatının rəhbəri Aydın Səfixanov və Milli Preventiv Mexanizmin rəhbəri Vüqar Məhərrəmov iştirak etmişdir.

Bundan əvvəl VƏHML nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyndə müvafiq departament rəhbərləri ilə görüşərək 7 nəfər məhkumun pensiya təminatı və onların ailə üzvlərinin ünvanlı dövlət sosial yardımı alamaları ilə bağlı problemlərini müzakirə etmişdir.

Həyata keçirilən layihənin maliyyələşməsinə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da həmdonor qismində qoşulmuşdur. Şura bu il üçün VƏHML-ə 9 700 Dollar vəsait ayırmışdır.

VƏHML