Şirvan-Apelyasiya-məhkəməsiMəhkəmə torpaq mülkiyyətçilərinə kompensasiyanın Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı.  Hacıqabul rayon məhkəməsi Məmmədov Yunis və qeyriləri Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “Xüsusi Mülkiyyətdə olan torpaq sahələrində dövlət ehtiyacları üçün tikinti işlərinin aparılması və həmin torpaqlardan istifadə imkanının məhdudlaşdırılması ilə bağlı kompensasiyaların ödənilməsinə dair” iddia üzrə “iddianın qismən təmin edilməsinə dair” 09 sentyabr 2011-ci il tarixli qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən Dövlət Neft Şirkəti tərəfindən torpaq sahələri zəbt olunmuş mülkiyyətçilərə kompensasiyaları Azərbaycan Dövləti ödəməlidir. Maliyyə Nazirliyi isə bu qətnamə ilə razılaşmayaraq Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti vermişdir. Şikayətdə göstərilirdi ki, kompensasiyalar dövlət büdcəsi vəsaiti hesabına deyil Dövlət Neft Şirkətinin vəsaiti hesabına ödənilməlidir.

Xatırladırıq ki, Məmmədov Yunis və qeyrilərinin iddiası Dövlət Neft Şirkəti tərəfindən 2009-cu ildən başlayaraq  Diametri 1020 mm olan Qalmaz 47-ci km.- Qazıməmməd Yüksək Təzyiqli Magistral Qaz Kəmərinin tikintisi ilə bağlı xüsusi mülkiyyətdə olan torpaqların zəbt olunması, yaxın ərazilərdə olan torpaqların məhv edilməsi ilə bağlıdır. Bu iddia məhkəməyə 25 oktyabr 2010-cu il tarixində təqdim edilmişdir. İddiaçıların hüquqlarını Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası həyata keçirir. Müdafiəçi qismində Sahib Məmmədov çıxış edir.

08.12.2011-ci il və 21.12.2011-ci il tarixlərində Şirvan Apelyasiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iddiaçı tərəf vəsatətlər vermiş və təqdim olunmuş sübutları əsaslandıraraq vəsaitin Dövlət Büdcəsindən ödənilməli olduğunu əsaslandırmışdır.

İddi üzrə əsas cavabdeh olan Dövlət Neft Şirkəti də kompensasiyanın dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olduğunu bildirmişdir. Şirkət kəmərlərin keçdiyi ərazilərin dövlət mülkiyyətində olmasına dair Dövlət Torpaq Komitəsinin rəyi olduğunu bildirmiş və beləliklə kompensasiyaların verilməsi ilə bağlı vəsaitləri layihəyə daxil etməmişdir.

Şirvan Apelyasiya Məhkəməsi Hacqabul rayon məhkəməsinin 09.09.2011 tarixli qətnaməsini qüvvədə saxlamış və mülkiyətçilərə kompensasiyaların Dövlət Büdcəsi vəsaiti hesabına ödənilməsinə dair Qətnamə qəbul etmişdir.

  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının bu istiqamətdəki 1 ildən artıq davam edən fəaliyyətini Açıq Cəmiyyət İnstitutunun (Budapeşt) İnsan Hüquqları və İdarəetmə üzrə Qrant Proqramı maliyyələşdmişdir.

 VƏHM